Layihələr üzrə seçim

“Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.1 bəndinin icrası”

 
 
 

 

2012-ci il sentyabrın 25-də AMEA-nın İnsan Hüquqları İnstitutunda “Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.1 bəndinin icrası”nın müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. 
Tədbirdə Milli Fəaliyyət Proqramının 2.1 bəndinin icrasına məsul olan 13 dövlət strukturu (Xarici İşlər, Ədliyyə, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Kənd Təsərrüfatı, Nəqliyyat nazirlikləri, habelə Azərbaycan Milli Elmlər Akademiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman)) və 14 QHT-nin mövzu ilə əlaqəli məsul şəxsləri ilə yanaşı hüquq, siyasət, sosial və humanitar elmlər üzrə mütəxəssislər, həmçinin  informasiya və mətbuat işçiləri (İnterfaks, APA, AzTV, Yurd TV, Lider TV, Trend, AzərTAc, ATV, Həftə İçi) iştirak etmişdir.
 Tədbiri açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin üzvü, h.ü.f.d. Aytən Mustafayeva “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafına diqqət göstərildiyini xüsusi vurğuladı. Milli Fəaliyyət Proqramının bütün fəsillərində müxtəlif sahələr üzrə dəqiqləşmələr, onların yerinə yetirilmə müddətləri və icralarına görə məsuliyyət daşıyan təşkilatlar, dövlət strukturları barədə müddəalar onun əhəmiyyətini daha da artırır. 
Sənədin 2.1 bəndinin müzakirəyə çıxarılmasından əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi pozulması, işğal nəticəsində Azərbaycanın təbii və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsində beynəlxalq, regional və milli çərçivədə hüquqi vasitələrdən istifadə etməklə, müsbət nəticələrin əldə edilməsi üçün hazırlıq işlərinin müzakirə edilməsidir.   
Natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq beynəlxalq hüquq baxımından Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətini 2 növə ayırmış: Ermənistanın dünya dövlətləri qarşısında məsuliyyətindən və Ermənistanın konkret iqtisadi zərər vurmasına görə Azərbaycan qarşısında məsuliyyətindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, müasir beynəlxalq hüquqa uyğun olaraq hər hansı dövlətin hüquqazidd əməlləri nəticəsində dəyən zərərin ödənilməsi restitusiya, kompensasiya və satisfaksiya formalarında gerçəkləşdirilə bilər. 
Təcavüz nəticəsində dəyən zərərin maddi cəhətdən ödənilməsinə misal olaraq İraqın Küveytə qarşı təcavüzü nəticəsində yaranan şəraiti göstərilmişdir. Məlum olduğu kimi, BMT Küveytə dəymiş maddi ziyana  və İraqın Küveyti işğal etməsinə görə kompensasiya müəyyənləşdirmişdir. İraq nəzərdə tutulan məbləği ödəmək məcburiyyətində qalmışdır.
A.Mustafayevanın sözlərinə görə, Azərbaycana dəyən maddi və mənəvi ziyanın ödənilməsi probleminin həlli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasının və erməni təcavüzünun nəticələrinin aradan qaldırılmasının, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin mühüm aspektlərindən biridir.
Milli Fəaliyyət Proqramının 2.1 bəndinin yerinə yetirilməsi üçün ölkədə və xaricdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi ilə bağlı informasiya kampaniyaları həyata keçirmək, Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin hüquqları ilə əlaqədar məruzələr hazırlamaq, tərcümə etmək, ölkədə və ölkə hüdudlarından kənarda yayılmasını təşkil etmək, beynəlxalq, regional və milli səviyyədə qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə lazım olan normativ-hüquqi bazanın daha ciddi şəkildə təkmilləşməsinə çalışmaq lazımdır.
AMEA-nın akademik-katibi akad.V. Fərzəliyev öz çıxışında məsəlinin Azərbaycan üçün önəmini bir daha vurğulayaraq qeyd etmişdir ki, işğal  nəticəsində dəymiş zərərlə bağlı məlumatların müxtəlif yerli və beynəlxalq təşkilatlara çatdırılması zamanı dövlət və qeyri dövlət, həmçinin müstəqil ekspertlər tərəfindən fərqli statistik rəqəmlərın yayılması, eləcə də  əlaqələndirici koordinasiyanın olmaması məqsədə müvafiq deyil. Bu sahədə dəqiqləşmələrin aparılması zəruridir.
Milli Məclisin üzvü, ADİU-nun Qiymət və qiymətləndirmə kafedrasının müdiri X.Kazımlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan əhalisinə, ərazisinə, iqtisadiyyatına, ekologiyasına, bitki və heyvanat aləminə böyük iqtisadi və mənəvi ziyan vurulduğunu qeyd etdi. X.Kazımlının sözlərinə görə, Azərbaycana dəyən maddi ziyanın ödənilməsi probleminin həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasının və erməni təcavüzünun nəticələrinin aradan qaldırılmasının, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin mühüm aspektlərindən biridir. Natiq bu sahədə təcrübi olaraq son dövrdə ğörülən əhəmiyyətli işləri dəyirmi masa iştirakçiları ilə müzakirə etdi və bu prosesdə 2012-ci ilin sentyabr ayından başlayaraq bu məsələ üzrə ölkədə və xaricdə keçirilən beynəlxalq  səviyyəli konfransların,  seminarların, habelə xarici və yerli ekspertlərin iştirakı ilə aparılan müzakirələrin nəticəsi kimi proses barədə ilkin məlumatları rəsmi olaraq özündə əks etdirən “İtki və tələfatlar arxivi”nin yaradılması, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində baş verən itki və təlafatların natural və dəyər ifadələrində kəmiyyətini əks etdirən respublika üzrə “İtki və tələfatlar arxivi”nin yaradılmasıni zəruri saydı.
Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Q. Novruzov çıxışında bu sahədə mövcud boşluqlara toxundu və təklif olunan ilkin tədbirlərin planına aşağıdakı əlavələri etdi:
Qafqaz regionunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilən konfrans və  beynəlxalq tədbirlərdə problemin obyektiv və qərəzsiz çatdırılması üçün  azərbaycanlı elm və mütəxəssislərinin iştirakı;
- Ermənistan-Azərbaycan münaqişəsinin dünya birliyinə obyektiv çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin  potensialından istifadə edilməsi;
- Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün web saytlarının təşkili;
- Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan elmi araşdırmalara  beynəlxalq ekspertlərin və xarici mütəxəssislərin dəvət edilməsi.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi N. Həsənov isə təklif olunan ilkin tədbirlər planına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional iqtisadi əməkdaşlığa yaratdığı məhdudiyyətlərin qiymətləndirilməsi kimi bəndin əlavə olunmasını məqsədə müvafiq hesab etdi.
Tədbirdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi S.Hüseynli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi R. Ağayev və s. təklif olunan ilkin tədbirlərin planı ətrafında müzakirələrdə iştirak edərək ətraflı fikir mübadiləsi apardılar.
AMEA İnsan Hüquqları İnstitutunun direktor müavini V. Məmmədov çıxışlara münasibət bildirərək səslənən bəzi mübahisəli fikirlərə aydınlıq gətirdi. Sonda tədbirlər planının layihəsi əlavələrlə qəbul edildi. AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin üzvü, h.ü.f.d. Aytən Mustafayeva qarşılıqlı əməkdaşlığın uğurlu nəticələrin əldə edilməsinə kömək edəcəyini bildirdi. 
 
Milli Fəaliyyət Proqramının 2.1 bəndinin yerinə yetirilməsi ilə bağlı hazırlıq işlərinin həyata keçirilməsi üçün təklif olunan ilkin tədbirlərin planı
 
1. Ölkədə və xaricdə ErmənistanınAzərbaycana təcavüzü nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi ilə bağlı informasiya kampaniyalarının həyata keçirilməsi, bu məsələ üzrə ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən beynəlxalq səviyyəli konfransların, simpoziumların, seminarların proqramında xarici və yerli ekspertlərin iştirakı ilə müzakirələrin təşkil edilməsi;
2. Təcavüz nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi:
a) qaçqın və məcburi köçkünlərin itirdikləri əmlaklarının (əldə edilməs mümkün olan sənədlərinin) siyahıya alınması;
b) işğal olunmuş ərazidə qalan hər bir maddi mədəniyyət abidələrinin siyahılarının təkmilləşdirilməsi; 
c) iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, səhiyyə obyektlərinin siyahısının dəqiqləşdirilməsi;
d) hesablamaların aparılması məqsədilə alınan statistik məlumatlar iqtisadçılardan, mühasiblərdən, alimlərdən və tədqiqatçılardan  təşkil olunmuş xüsusi qrup üzvlərinə təqdim olunmalıdır.
3.   Müharibə başlanana qədər işğal edilmiş ərazilərdə fəaliyyətdə olan müxtəlif təyinatlı  dövlət və şəxsi obyektlərin, müəssisə və s.nin maliyyə hesablamaları, müharibə dövründə işğal zamanı onların itirilməsi nəticəsində dəymiş zərərin maliyyə hesablamaları və ötən 21 il ərzində onların fəaliyyətdə olmaması səbəbindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş zərərin maliyyə hesablamaları, işğal olunmuş ərazilərə dəyən ekoloji zərərin, eləcə də mənəvi – psixoloji zərərin ödənilməsi üçün hesablamaları aparmaq məqsədi ilə qiymətləndirmə üzrə mütəxəssislərdən ibarət işçi qrupun təşkili;
4.  2012-ci ilin sentyabr ayından başlayaraq bu məsələ üzrə ölkədə və xaricdə keçirilən beynəlxalq  səviyyəli konfransların,  seminarların, habelə xarici və yerli ekspertlərin iştirakı ilə aparılan müzakirələrin nəticəsi kimi proses barədə ilkin məlumatları rəsmi olaraq özündə əks etdirən “İtki və təlafatlar arxivi”nin yaradılması;
5. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində baş verən itki və təlafatların natural və dəyər ifadələrində kəmiyyətini əks etdirən respublika üzrərazılaşdırılmış eyni rəqəmləri ifadə edən vahid “İtki və təlafatlar arxivi”nin yaradılması; bu sahədə olan rəqəmlərin bütün dövlət strukturlarında, internet saytlarında eyniləşdirilməsi;
6. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional iqtisadi əməkdaşlığa yaratdığı məhdudiyyətlərin qiymətləndirilməsi;
7. Qafqaz, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilən konfrans və  beynəlxalq tədbirlərdə problemin obyektiv və qərəzsiz çatdırılması üçün  azərbaycanlı alim və mütəxəssislərin iştirakı;
8.  Ermənistan-Azərbaycan münaqişəsinin dünya birliyinə obyektiv çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin  potensialından istifadə edilməsi;
9. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün veb saytlarının təşkili;
10. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan elmi araşdırmalara  beynəlxalq ekspertlərin və xarici mütəxəssislərin dəvət edilməsi;
11.Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin hüquqları, yaşayış şəraiti ilə əlaqədar məruzələrin hazırlanması, tərcümə edilməsi, ölkədə və ölkə hüdudlarından kənarda yayılmasının təşkili;
12. Beynəlxalq, regional və milli səviyyədə qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə lazım olan normativ-hüquqi bazanın daha ciddi şəkildə təkmilləşməsinə çalışmaq;
13. Məcburi köçkünlərin əmlak, torpaq hüququ ilə bağlı sənədlərin hazırlanması;
14. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağ ətrafında 1988-ci ildən başlayan hadisələrdən bu günə qədər insan əleyhinə törədilmiş bütün cinayət və vəhşilikləri, əsrin Xatın, Xirosima və Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanan  Xocalı soyqırımını törədən Ermənistanın aqressiv, cinayətkar, işğalçı və həyata keçirtdiyi terror siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşmüş, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmiş, on minlərə dinc insanlar öldürülmüş, insanlığa sığmayan müxtəlif işğəncələrə məruz qalmış, girov götürülmüşdür. Yüzlərlə Azərbaycan vətəndaşı olan dinc sakinlərə, o cümlədən uşaqlar, qadınlar və ahıl yaşlı insanlara işgəncələr verilmiş və onların həyat və sağlamlığına zərər vurulmuş, öldürüləndən sonra  cəsədlər təhqiredici zorakılığa  məruz qalmışdır. Bunlar hamısı müxtəlif dövlət qurumları (Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqələr Dövlət Komissiyası, Dövlət Arxivləri, MTN, Respublika Prokurorluğu, Səhiyyə Nazirliyi və s.) tərəfindən vaxtilə sənədləşdirilmişdir. Ekspertiza və istintaq orqanlarında bu prosesdə qətlə yetirilmiş, işğəncələrə məruz qalmış və xəsarət almış vətəndaşların faktiki sənədləri: müayinə protokolları, foto və video arxivləri və s. mövcuddur. Bu materialların əksəriyyəti konfidensiallıq saxlanıldığına görə əsaslı elmi təhlil olunmamış, tam şəkildə beynəlxalq elmi auditoriyalarda işıqlanmamışlar. Həmin sənədlərin işlənməsi üçün müvafiq strukturlardan rəsmi icazənin alınması və əsaslı elmi  araşdırmalar aparmaqla beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi Milli Fəaliyyət Proqramının 2.1 bəndinin yerinə yetirilməsi ilə bağlı hazırlıq işlərinin həyata keçirilməsi üçün əsas tədbirlərə aid edilə bilər.